“Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni sədri və idarə heyətinin təqdimatı keçirilib
“Miqrasiya Könüllüsü” İctimai Birliyində keçirilən ümumi yığıncaqdakı seçkilərin nəticələrinə əsasən İctimai Birliyin yeni sədri və idarə heyəti seçilib.
Bu postda Aydan Haşımovanı əvəzləyən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni sədri Arzu Məmmədova bundan əvvəl İctimai Birliyin Üzvlərlə iş və təşkilati məsələlər departamentinin rəhbəri, sədr müavini Adil Şükürov isə Beynəxalq əlaqələr departamentinin rəhbəri olub.
Ötən gün onlar kollektivə təqdim olunublar.
Ölkədə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitə, xüsusi diqqət və qayğıya görə dövlət rəhbərliyinə təşəkkür edən idarə heyətinin üzvləri onlara göstərilən yüksək etimadı layiqincə doğruldacaqlarına, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərinə və Miqrasiya Könüllüləri İctimai birliyinin gələcək inkişafı üçün səylərini əsirgəməyəcəklərinə söz veriblər.
2019-cu ildə Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Könüllüsü- Sən fərqlisən!” şüarı ilə fəaliyyətə başlayan gənclər hərəkatı layihəsi, daha sonra müstəqil şəkildə “Miqrasiya Könüllüsü” İctimai Birliyi qismində vətənpərvər, yaradıcı və təşəbbüskar gəncləri bir araya gətirərək onların miqrasiya sahəsində təcrübə qazanmalarına, şəxsi inkişaflarına və gələcək karyeralarına dəstək məqsədilə öz töhfəsini verməkdədir.
Qeyd edək ki, “Miqrasiya Könüllüsü” İctimai Birliyi 28 iyun 2019-cu ildə təsis olunub. İctimai Birliyə sədrlik səsvermə yolu ilə 2 il müddətinə seçilir. Hazırda “Miqrasiya Könüllüsü” İctimai Birliyi gənclər sektoruna böyük töhfə vermiş aparıcı təşkilatlardan biridir. Birliyin əsas missiyası könüllülərin şəxsi inkişafına, cəmiyyətə inteqrasiyasına və maariflənməsinə təkan vermək, eyni zamanda onlara vətənpərvərlik və kollektivdə işləmə bacarıqlarını aşılamaqdır.