newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun rəhbəlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib və Xidmət tərəfindən həyata keçirilmiş fəaliyyətləri qeyd edərək birgə əməkdaşlığın gələcək inkişafı və qarşıda duran prioritet istiqamətləri barədə müzakirələrin əhəmiyyətini bildirib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən miqrantlara göstərilən müxtəlif dəstək tədbirlərinin, o cümlədən hüquqi yardımların, dil kurslarının təşkilinin onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. Xidmət rəisi istər pandemiya, istərsə də Vətən müharibəsi dövründə  həssas insanlara, o cümlədən miqrantlara bu qəbildən olan tədbirlərin birgə həyata keçirilməsini və həmin istiqamətdə atılan digər mühüm addımları yüksək qiymətləndirib.

Görüşdən məmnunluğunu ifadə edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib, xüsusilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlərin və layihələrin cəmiyyətdə rəğbətlə qarşılandığını qeyd edib. Novruz Aslanov respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən regional mərkəzləri və bölmələri özündə birləşdirən Beynəlxalq Qızıl Aypara Cəmiyyəti ilə birgə gələcəkdə də layihələrin uğurla həyata keçiriləcəyinə, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda Novruz Aslanov humanitar missiya üzrə fəaliyyəti ilə seçilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illik yubiley medalını uzun illər davam edən səmərəli əməkdaşlığa görə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynova təqdim edib.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur