newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının Gürcüstandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Sanja Çelebiç Lukovaç ilə görüşüb.

Görüşdə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev də iştirak edib.

Qonaqları səmimi salamlayan Xidmət rəisi BMqT ilə sıx əməkdaşlıq çərçivəsində çoxtərəfli əsasda qanuni miqrasiya, miqrasiyanın səmərəli idarə edilməsi, readmissiya, könüllü qayıdış, miqrasiya üzrə potensialın gücləndirilməsi, miqrantların sosial müdafiəsi və digər sahələrdə birgə fəaliyyətin genişləndirildiyini, bir sıra mühüm layihələrin həyata keçirildiyini, eyni zamanda miqrasiya sahəsində ən yaxşı və innovativ təcrübələrin öyrənildiyini vurğulayıb.

Miqrasiya üzrə Regional Tədris Mərkəzinin yaradılmasının Azərbaycanın qonşu dövlətlərində, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Şərq Tərəfdaşlığı ölkələrində miqrasiya sahəsində çalışan şəxslərin potensialının gücləndirilməsinə yönəlmiş qabaqcıl təşəbbüs olduğunu qeyd edən Vüsal Hüseynov BMqT ilə birgə milli və regional səviyyədə artıq bir neçə təlimin keçirildiyini bildirib.

Görüş zamanı Xidmət rəisi həmçinin, Azərbaycanın Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyada BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin himayəsi altında Qlobal Paktın həyata keçirilməsi üçün başlanmış “Çempion ölkələr” təşəbbüsünə qoşulan ilk ölkə olduğunu və bu çərçivədə fəal işlərin görüldüyün qeyd edib.

Səmimi qəbula görə təşəkkür edən Sanja Çelebiç Lukovaç Dövlət Miqrasiya Xidmətinin BMqT ilə sıx əməkdaşlığını yüksək qiymətləndirdiyini, bundan sonra da əlaqələrin yüksələn xətt üzrə inkişaf edəcəyindən əminliyini bildirib.

Görüşdə tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri və miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur