newsPhoto

Dövlət Miqrasiya Xidmətində Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində milli təlimə başlanılıb

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzinin kurikulumunda əks olunan bir sıra istiqamətlər üzrə bilik və bacarıqların artırılması məqsədilə milli təlimə başlanılıb.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış sessiyasında çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təlimin önəmini diqqətə çatdırıb, yaxın günlərdə Türkiyədə və Özbəkistanda da anoloji tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, məqsəd iştirakçıların miqrasiya sahəsində bilik və bacarıqlarının, onların miqrasiya idarəçiliyi ilə bağlı məlumatlılığının artırılması və gənclərin bu sahədə maarifləndirilməsidir. Bu səbəbdən Xidmətin aidiyyəti idarələrindən, “Miqrasiya məktəbi” layihələri və “Miqrasiya könüllüləri” İctimai Birliyindən də nümayəndələrin cəlb olunması təlimin ümumi maraqları ilə yanaşı ölkəmizdə “ümumcəmiyyət” prinsipi əsasında həyata keçirilən miqrasiya siyasəti ilə uyğunluq təşkil edir.

Bugünkü təlimçilərin məhz cari ilin 25-29 iyul tarixlərində Bakı şəhərində təşkil edilən 11 ölkənin nümayəndələrinin qatıldığı milli təlimləri uğurla başa vuraraq Regional Ekspert Şəbəkəsinin ilk sertifikatlarını alan xidmət əməkdaşları olduğunu bildirən V.Hüseynov  gələcəkdə də gənclər, tələbələr və könüllülərə yönəlmiş xüsusi təlim proqramlarının planlaşdırıldığını bildirib.

Təlim iştirakçılarına uğurlar arzulayan Xidmət rəisi Vüsal Hüseynov gənclərə daim dəstək verməyə hazır olduğunu bildirib və onları Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyətlərində aktiv iştiraka dəvət edib.

Sonra BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev çıxış edərək Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən milli təlimləri yüksək qiymətləndirib. Mərkəz çərçivəsində regional səviyyədə təlimlərin təşkilinin effektivliyini diqqətə çatdıran cənab Georgiyev bu tədbirlərin tərəfdaş ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.

2 gün davam edən təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur