Əcnəbi tələbələrin miqrasiya məsələlərinə həsr olunmuş görüş keçirilib
Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının, Elm və Təhsil Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən 44 ali təhsil müəssisəsinin nümayəndələrinin, DMX yanında İctimai Şuranın üzvünün iştirakı ilə növbəti tədris ili ərəfəsində əcnəbi tələbələrin miqrasiya məsələlərinə həsr olunmuş görüş keçirilib.
Görüşdə “COVİD-19” pandemiyası ilə əlaqədar tətbiq edilən bəzi güzəştlərin ləğvi, hazırda ölkəyə giriş-çıxış şərtləri, sənədlərin vaxtında və düzgün şəkildə təqdim edilməsinin, hazır sənədlərin vaxtında təhvil alınmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin, əcnəbi tələbələrin tədris proseslərinə münasibəti, dərslərə davamiyyəti, təhsil sektorunda yaradılan imkanlardan leqallaşmaq üçün sui-istifadə cəhdlərinin qarşısının alınması məsələlərinə toxunulub, əcnəbi tələbələrin Elm və Təhsil Nazirliyinin atis.edu.az portalında qeydiyyatının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı geniş interaktiv müzakirələr aparılıb, əcnəbilərin hüquqi vəziyyətindən irəli gələn digər inzibati-hüquqi məsələlər barədə ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.