Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar test imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 31-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
İmtahan təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunub. Onlardan 50-si qanunvericilik, 10-u Azərbaycan dili, 10-u Azərbaycanın tarixi, 10-u kompüter bilikləri, 20-si isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər sualın düzgün cavabı 1 (bir) balla qiymətləndirilib.
Qeyd edək ki, imtahana yazılış may ayının 16-dan iyun ayının 24-dək aparılıb. İmtahanda iştirak üçün 357 nəfərin namizədliyi qeydə alınıb. Yaxın günlərdə nəticələri açıqlanacaq test imtahanında 70 və daha artıq bal toplayan namizədlər söhbət mərhələsinə dəvət olunacaqlar.