newsPhoto

Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində Regional Təlimçilər üçün təlimlərə başlanılıb

Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə həyata keçirdiyi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Regional Təlimçilər üçün Təlimə başlanılıb.

5 gün davam edəcək təlimlər Mərkəzi Asiya, Yaxın Şərq və Şərq Tərəfdaşlığı ölkələrində miqrasiya sahəsinin müxtəlif istiqamətləri üzrə ekspertlərin hazırlanması və Miqrasiya üzrə Regional Təlim Mərkəzinin Kurikulumunun təqdimatı məqsədilə həyata keçirilir.

Açılış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təlimin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində regionun 13 ölkəsindən 100-ə yaxın şəxsin iştirakı ilə milli və regional səviyyələrdə miqrasiya ilə bağlı müxtəlif istiqamətlər üzrə 4 təlim və 2 regional seminar uğurla həyata keçirilib.

Vüsal Hüseynov Miqrasiya üzrə Regional Təlim Mərkəzinin müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan ekspertləri cəlb etməklə miqrasiya sahəsində təlim və təhsil prosesinə, eləcə də sahə üzrə mütəxəssislərin hazırlanması işinə mühüm töhfə verdiyini söyləyib. Xidmət rəisi budəfəki təlimin beynəlxalq və milli ekspertlər tərəfindən hazırlanmış Mərkəzin kurikulumu əsasında keçiriləcəyini bildirib və iştirakçılara uğurlar arzulayıb.

Açılış nitqi ilə çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, Mərkəz çərçivəsində regional səviyyədə təlimlərin təşkilinin effektivliyini diqqətə çatdırıb, habelə tərəfdaş ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.

Açılış mərasimindən sonra ilk gün üçün nəzərdə tutulmuş təlimlərə start verilib.

Qeyd edək ki, 10 ölkənin miqrasiya sahəsinə məsul qurumlarının nümayəndələrinin iştirakı ilə 5 gün davam edəcək regional təlim beynəlxalq və milli ekspertlər komandası tərəfindən Mərkəzin kurikulumu əsasında keçiriləcəkdir. Həmçinin, tədbir zamanı iştirakçılar təlim bacarıqlarına da yiyələnəcəklər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur