newsPhoto

Dövlət Miqrasiya Xidmətində Post-Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunmuş onlayn görüş keçirilib

Görüşdə 2022-ci il 17-20 may tarixlərində Nyu-York şəhərində keçirilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunun nəticələri müzakirə olunub.

BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin üzvlərinin iştirakı ilə keçirilən onlayn görüşdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ilk dəfə qlobal səviyyədə təşkil olunmuş Beynəlxalq Miqrasiya İcmalı Forumunun, “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasını qiymətləndirmək və onun gələcək perspektivlərini müzakirə etmək məqsədi daşıyan uğurlu tədbir olduğunu vurğulayıb. Azərbaycan Respublikasının “Çempion ölkə” kimi müəyyən edilmiş 33 ölkədən biri olaraq Forumda iştirak etdiyini qeyd edən Xidmət rəisi, həmin çərçivədə keçirilən bütün müzakirələrin bu istiqamətdə atılacaq növbəti addımların müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını bildirib.

Çıxış zamanı Vüsal Hüseynov bütün maraqlı tərəflərə, xüsusən də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıqla bağlı göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqləndiricisi Vladanka Andreeva, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, eləcə də BMT sisteminə daxil olan digər qurumların nümayəndələri iştirak ediblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur