newsPhoto

20 iyun Ümumdünya Qaçqınlar Günüdür

Bu gün dünyada Qaçqınlar Günü qeyd olunur. Bununla əlaqədar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi tərəfindən tədbir təşkil edilib. Qaçqınların problemlərinin həlli, onlara əlverişli şəraitin yaradılması və hüquqlarının qorunması istiqamətində atılan addımlara diqqət çəkilib.

Tədbirdə BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Quido Ambrosso, DMX-nin rəisi Vüsal Hüseynov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov iştirak ediblər.

Çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycanda bu qəbildən olan insanların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması istiqamətində lazımi tədbirlərin görüldüyünü bildirib. Xidmət rəisi qeyd edib ki, Azərbaycan “Qaçqınlar üzrə qlobal Kompakt” sənədinə qoşulan ilk dövlətlərdən biri kimi insanlar, ölkələr və cəmiyyətlərarası effektiv dialoqun qurulmasına xüsusi önəm verir. Qaçqın və məcburi köçkün probleminə yaxından bələd olan ölkə kimi Azərbaycan bu kateqoriyadan olan şəxslərin hüquqlarının müdafiəsində həmrəyliyin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. V.Hüseynov pandemiya dövründə həssas qrupdan olan bu şəxslərə həmkar qurumların birgə səyi nəticəsində lazımi dəstəyin göstərildiyini, Miqrasiya könüllüləri ilə yanaşı, digər könüllü təşkilatlarının bu işdə yaxından iştirakını məmnunluqla qeyd edib.  

Sonda Azərbaycanda yaşayan əfqanıstanlı qaçqın fotoqraf Ahmad Javed Akbarzadanin çəkdiyi fotoların sərgisinə baxılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur