newsPhoto

“Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda növbəti təlim Gəncədə keçirilib

Gəncə şəhərinin Heydər Əliyev mərkəzində Dövlət Miqrasiya Xidməti və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının təşkilatçılığı ilə “Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda növbəti təlim reallaşıb. Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova sığınacaq axtaran şəxslərin müraciətetmə qaydaları, müraciətlərin araşdırılması proseduru barədə ətraflı məlumat verib. Sığınacaq məsələləri ilə əlaqəli olan qurumlar arasında məlumatlılığın artırılmasının, qaçqınlar və sığınacaq axtaran şəxslərlə bağlı həyata keçirilən tədbirlərdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Hüquq şöbəsinin müdiri Octavian Mohorea ötən illər ərzində Azərbaycanda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması sahəsində görülən işlər, bu sahədə Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb, BMT QAK-ın fəaliyyəti barədə danışıb.

DMX və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları təqdimatlarla çıxış edərək, Azərbaycanda qaçqın məsələləri və bu sahəni tənzimləyən qanunvericilik aktları, qaçqın statusunun müəyyənləşdirilməsi üçün prosedurlar və meyarlar, sığınacaq axtaran şəxslərin müraciətlərinin yönləndirilməsi qaydaları barədə ətraflı məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Növbəti gün BMT QAK-ın əməkdaşları ilə birlikdə Qırmızı Körpü sərhəd keçid məntəqəsinə və Gəncə Beynəlxalq Hava Limanına monitorinq səfərləri təşkil edilib. O cümlədən, Gəncə regional miqrasiya idarəsi ziyarət olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur