newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Gəncədə səfərdə olublar

Səfər çərçivəsində Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində “Azərbaycanın Qərb bölgəsində miqrasiya idarəçiliyi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.

Gəncə regional miqrasiya idarəsinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə Gəncədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və dövlət qurumlarının nümayəndələri, o cümlədən ali təhsil müəssisələrinin əcnəbi tələbələrlə işləyən əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov pandemiyanın azalması fonunda ölkəyə gələn əcnəbilərin sayında artımın baş verdiyini və digər bölgələrlə yanaşı, Gəncədə də bu tendensiyanın müşahidə olunduğunu bildirib. Qeyd olunub ki, miqrasiya idarəçiliyinin effektivliyi siyasi müstəvidə mövcud olan amillərlə bərabər, bu prosesdə iştirak edən qeyri-hökumət təşkilatlarının təcrübəsi, müvafiq bilik və bacarıqlarından da asılıdır. Bu səbəbdən bölgələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının həmin indikatorlar üzrə institusional potensiallarının artırılması günün tələbədir.

Bölgə QHT-lərinin miqrasiya sahəsində potensiallarının artırılmasına ehtiyacın olduğunu vurğulayan tədbir iştirakçıları bu sahədə bir sıra təkliflərlə çıxış ediblər.

Gəncədə işgüzar səfərdə olan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri bu şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin əcnəbi tələbələri ilə də görüşüb, onları narahat edən məsələlər ətrafında geniş müzakirələr aparıblar.

Gəncə Regional Miqrasiya İdarəsinin və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkə ərazisində təhsil alan əcnəbi tələbələrlə əlaqədar Şura tərəfindən həyata keçirilən fəaliyyətlər barədə məlumat verilib, hədəf qrupları ilə müzakirələr aparılıb.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev və Gəncə regional miqrasiya idarəsinin rəisi Orxan Xıdırov qaldırılan məsələlərə münasibət bildirib, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair gələcək fəaliyyətlər barədə məlumat veriblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur