Əcnəbilərin sosial inteqrasiyasının gücləndirilməsi məqsədilə Şəkidə növbəti tədbir keçirilib
Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və Vətən müharibəsi qaziləri ilə Şəki regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan əcnəbilərin görüşü təşkil edilib. Görüşdən əvvəl Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub, ruhlarına hörmət və ehtiram ifadə edilib.
Daha sonra ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun Vətən müharibəsindəki şücaəti sayəsində torpaqlarımızın işğaldan azad olunması, hazırda həmin ərazilərdə həyata keçirilən yenidənqurma işlərindən söhbət açılıb.
Görüşdə Vətən müharibəsindən bəhs edən videosüjetlərin nümayişi və qazilərimizin təəssüratları maraqla qarşılanıb. Çin, ABŞ, Hindistan, Filippin, İran, Ukrayna və digər ölkələri təmsil edən əcnəbilər çıxışlarında Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamaqdan məmnun olduqlarını diqqətə çatdırıblar.
Sonda xatirə şəkli çəkilib.