newsPhoto

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin yerli cəmiyyətə inteqrasiya məsələləri müzakirə edilib.

Dövlət Miqrasiya Xidmətinin Bakı Regional Miqrasiya Baş İdarəsində  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində növbəti ictimai müzakirə keçirilib.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin əcnəbi tələbələrlə iş üzrə məsul şəxslərin nümayəndələri, əcnəbi tələbələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov ölkə ərazisində təhsil alan əcnəbi tələbələrin müəyyən bir qisminin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasında xüsusilə maraqlı olduğunu bildirib. Qeyd olunub ki, hazırkı müzakirənin keçirilməsində məqsəd həmin kateqoriyadan olan əcnəbi tələbələrin inteqrasiyasını sürətləndirəcək məsələlər ətrafında fikir mübadiləsinin aparılması və inteqrasiyanı optimallaşdıracaq təklif və tövsiyələrin irəli sürülməsidir.

“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev, ali təhsil müəssisələrini təmsil edən Tofiq Muradxanov, Aynurə Əsgərova, Nigar Hümbətova, Zülfiyyə Qurbanova və digərləri əcnəbi tələbələrin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarını çətinləşdirən hüquqi çərçivələr, təhsilini davam etdirmək istəyənlər üçün qüvvədə olan qaydalar, təhsil müəssisələrində çalışan əcnəbi mütəxəssislər üçün iş icazələrinin alınmasına dair prosedurlar, əcnəbi tələbələr və müəllimlərlə bağlı rüsum və təhsil haqları və digər aktual məsələlər barədə danışıb və bir sıra təkliflərlə çıxıb ediblər.   

Müzakirə iştirakçıları tərəfindən qaldırılan suallar Dövlət Miqrasiya Xidmətinin rəsmiləri tərəfindən aidiyyəti üzrə cavablandırılıb.

Növbəti tədris ilində miqrasiya qanunvericiliyi ilə bağlı əcnəbi tələbələri düşündürən məsələlərin çevik və operativ qaydada müzakirə edilməsi üçün təhsil müəssisələrinin rəsmi nümayəndələrindən ibarət əməkdaşlıq platformasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Təhsil məsələləri üzrə İşçi Qrupunun nəzdində yaradılması ideyası tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.      


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur