Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan üçüncü çoxtərəfli məsləhətləşmələr keçirilib
“Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı beynəlxalq miqrasiyaya 360 dərəcəli baxış” mövzusunda təşkil edilən görüş bir həftə sonra Nyu-York şəhərində keçiriləcək ilk Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunub.
Görüşdə “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasında əldə olunan nailiyyətlər və qarşıya çıxan yeniliklər müzakirə olunub.
Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiya proseslərinin effektiv idarə edilməsi üçün ümumhökumət prinsipinin çox önəmli olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan tədbirlərə, məsləhətləşmələrə, təlimlərə, habelə aidiyyəti sənədlərin, sazişlərin və müqavilələrin razılaşdırılması prosesinə müvafiq dövlət qurumlarının nümayəndələri daim cəlb olunur. “Bundan sonra da miqrasiya siyasətinin formalaşdırılmasına müxtəlif dövlət qurumlarının və digər maraqlı tərəflərin cəlb edilməsi, habelə onlar arasında çoxtərəfli əməkdaşlığın və konstruktiv dialoqun möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir” - deyə Xidmət rəisi əlavə edib.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiev çıxış edərək ümumhökumət prinsipinin cəlb edilməsinin miqrasiya məsələlərinin effektiv əlaqələndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Sonra movzu ətrafında dövlət və beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələrinin çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, DMX tərəfindən Miqrasiya üzrə Qlobal Pakt ilə bağlı məlumatlılığın artırılması məqsədilə bundan öncə çoxtərəfli ikimərhələli məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr gənclər, tələbələr, könüllülər, habelə qeyri-hökumət təşkilatlarının, KİV, elmi dairələrin, miqrant icmalarının nümayəndələri üçün təşkil edilib.