Dövlət Miqrasiya Xidmətində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub
Xalqımızın ümumilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda ulu öndərin abidəsini ziyarət edərək, ruhuna dərin hörmət və ehtiramlarını bildiriblər.
Dövlət Himninin səsləndirilməsi ilə Dövlət Miqrasiya Xidmətində davam edən müşavirədə əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra uzaqgörən liderin Azərbaycan dövlətçiliyinin, milli mənəvi dəyərlərin qorunub saxlanılmasındakı əvəzsiz xidmətlərinə nəzər salınıb. Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun sürətlə artmasında ümummilli liderin səmərəli fəaliyyətinə diqqət çəkib. Bildirib ki, 20-ci əsrin sonlarında ölkəmizin yenidən əldə etdiyi dövlət müstəqilliyini, bərpa etdiyi dövlətçiliyi mövcud ictimai-siyasi böhran şəraitində qoruyub saxlaması və yeni inkişaf yoluna qədəm qoyması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində mümkün oldu. Xidmət rəisi çıxışında ulu öndərin miras qoyduğu Azərbaycanın, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə inkişaf etdiyini vurğulayıb.
Sonda dahi öndərin həyat yolundan, dövlət vəzifələrində çalışdığı müddətdə gördüyü işlər və həyata keçirdiyi siyasi, iqtisadi, eləcə də sosial islahatlardan, həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Ordumuzun şanlı qələbəsindən bəhs edən “Tarixin izi ilə” adlı film nümayiş olunub.