“Vətəndaşsızlıq məsələləri üzrə İşçi Qrup”un iclası keçirilib
Ölkə ərazisində vətəndaşsızlıq hallarını aradan qaldırmaq məqsədilə yaradılmış və fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən “Vətəndaşsızlıq məsələləri ilə əlaqədar İşçi Qrup”un növbəti iclası keçirilib.
İşçi Qrupun iclasında Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı Nümayəndəliklərinin əməkdaşları, həmçinin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılmış İşçi Qrupun fəaliyyət istiqamətləri, məqsədləri və ölkə ərazisində vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumat verib. Bildirib ki, Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Ümumilikdə Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-ci ildən 2022-ci ilin 1 aprel tarixinədək 2076 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. Həmçinin 5953 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb.
Baş idarə rəisi qeyd edib ki, Azərbaycanda vətəndaşsızlıq riski altında olan şəxslərin müəyyən edilməsi, qeydiyyata alınması, sənədləşməsi, eləcə də vətəndaşsızlıq hallarının azaldılması, məlumatlılığın artırılması istiqamətində görülən işlərin davamı olaraq Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində “Ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslər barəsində məlumatların təqdim edilməsi üçün” müvafiq bölmə yaradılıb. R.Talıbov vətəndaşsızlıq vəziyyətində olan şəxslər barədə məlumatlar aşkarlandığı təqdirdə Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə bildirməyi və ya rəsmi internet səhifəsinin müvafiq bölməsində yerləşdirilməsini diqqətə çatdırıb.
Sonra BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea çıxış edərək ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülmüş işləri müsbət qiymətləndirib və bu xüsusda Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Tədbirdə İşçi Qrupun digər üzvləri səlahiyyətləri daxilində gördükləri işlər barədə məlumat veriblər.
Sonda vətəndaşsızlıq hallarının aradan qaldırılması, məlumatlılığın artırılması ilə bağlı müzakirələr aparılıb və vətəndaşsızlıq vəziyyətində olan bir qrup şəxsə dair məsələlərin həlli istiqamətində qısa zamanda işlərin görüləcəyi vurğulanıb.