Göygöl və Şabranda maarifləndirmə tədbirləri keçirilib
“Miqrasiya proseslərinin tənzimlənməsi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri” mövzusunda Göygöldə keçirilən maarifləndirmə tədbirində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydaları və əmək miqrasiyası ilə bağlı prosedurlar izah edilib. Qanunsuz əmək miqrasiyasının qarşısının alınmasının yerli əmək ehtiyatlarından səmərəli istifadə, həmçinin məcburi əmək qurbanlarının müəyyən edilməsi üçün xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Qanunsuz və ya sənədsiz yaşayan şəxslərin hüquq və vəzifələrinin həyata keçirilməsi üçün onların leqallaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Xaçmaz regional miqrasiya idarəsi tərəfindən isə Şabranda “Yetkinlik yaşına çatmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması proseduru” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib. Xaçmaz regional miqrasiya idarəsinin şöbə rəisi, kiçik miqrasiya xidməti müşaviri Nail İsayev miqrasiya proseslərinin şəffaf və effektiv idarə edilməsi, əcnəbilərin rahatlığının təmin olunması məqsədilə tətbiq edilən elektron xidmətlər, 24 saat 3 dildə işləyən 919 Çağrı mərkəzinin fəaliyyəti, eləcə də yetkinlik yaşına çatmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verib.
Hər iki tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.