Readmissiya idarəçiliyinin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovla Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyevin rəhbərlik etdiyi və “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə çıxış edən Xidmət rəisi, BMqT ilə səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirildiyini, birgə layihələrin uğurla həyata keçirildiyini, miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələrin öyrənildiyini diqqətə çatdırıb.
Vüsal Hüseynov “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsinin əhəmiyyətinə toxunub və layihə çərçivəsində elektron Readmissiya Sənəd İdarəetmə Sisteminin (RCMS) yaradılmasının imzalanmış readmissiya sazişlərinin icrasında səmərəliliyi artıracağına əminliyini ifadə edib. Layihənin həm də sahə üzrə məsul dövlət qurumları arasında koordinasiyanın effektivliyinin artırılmasında, readmissiya olunan şəxslərin cəmiyyətə səmərəli reinteqrasiyasının dəstəklənməsində faydalı olacağı bildirilib.
Görüşdən məmnunluğunu ifadə edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və gələcəkdə qarşılıqlı əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, görüşdə BMqT-nin Brüsseldə yerləşən regional ofisindən layihə əməkdaşı Matthew Pullen və layihə koordinatoru Yuliya Ryzhykh iştirak edib, layihə ilə bağlı fikirlərini bildiriblər.
Tədbirdə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.