newsPhoto

“İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq” mövzusunda beynəlxalq tədbir keçirilib

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, özəl sektorun, xarici ölkələrin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəhbər şəxsləri, eləcə də miqrantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsində xüsusi rol oynayan Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü ərəfəsində təşkil olunan və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığı təcəssüm etdirən tədbirin əhəmiyyətini, miqrasiya idarəçiliyi sahəsində birgə qazanılan uğurları, əldə edilən nailiyyətləri, gələcək perspektivləri diqqətə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə daim əhatə olunub və ölkəmizdə müasir tələblərə cavab verən Xidmət formalaşdırılıb.

Xidmət rəisi qeyd edib ki, ötən illərdə beynəlxalq əməkdaşlığın ikitərəfli və çoxtərəfli əsaslarla inkişaf etdirilməsi və möhkəmləndirilməsi, o cümlədən müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə məqsədyönlü addımlar atılıb. Fərəhli haldır ki, Dövlət Miqrasiya Xidməti son 15 il ərzində müxtəlif beynəlxalq təşkilatların, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, müvafiq dövlət orqanlarının, habelə Azərbaycanda olan, yaşayan, işləyən əcnəbilərin etibarlı tərəfdaşına çevrilib.

Vüsal Hüseynov bildirib ki, mütərəqqi miqrasiya idarəçiliyinin daha da gücləndirilməsi istiqamətində geridə qalan 15 illik yolumuzu tərəfdaşlarımızla birgə layiqincə keçmişik və bundan sonra da bu yolu sıx əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətindəyik.

Tədbirdə BMqT-nin Azərbaycandakı missiyasının rəhbəri cənab Vladimir Gjorgjiev, BMT QAK-ın Azərbaycandakı nümayəndəsi cənab Guido Ambroso, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin bölmə rəhbəri Viktor Boykov çıxış edərək səmərəli və qarşılıqlı əməkdaşlıq əlaqələrindən məmnunluqlarını ifadə ediblər. 

Tədbirdə həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin baş direktoru Mixael Şpindeleggerin və BMT-nin Azərbaycandakı  rezident əlaqələndiricisi Vladanka Andreevanın video müraciəti nümayiş etdirilib. Beynəlxalq ekspert Elizabet Ştrasser miqrantların inteqrasiyası sahəsində ən yaxşı təcrübələri tədbir iştirakçıları ilə bölüşüb.

Mərasimdə Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının təqdimatı olub, Şuranın üzvləri və fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Mərasimdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri cənab Vladimir Georgiyev,  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi cənab Quido Ambroso, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının medalıyla təltif olunublar. 

Tədbirin bədii hissəsində Azərbaycanda yaşayan əcnəbilər çıxış edərək Azərbaycan dilinə, mədəniyyətinə, musiqisinə sevgilərini incəsənət nümunələri ilə nümayiş etdiriblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur