newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasına üzv olmaq istəyən namizədlərin qeydiyyatına başlanılır

Azərbaycan Respublikasının ərazisində yaşayan miqrantların cəmiyyətimizə tam sosial inteqrasiyasını təmin etmək üçün əlverişli şəraitin yaradılması, miqrasiya ilə bağlı məsələlərin bütün aspektlərinin həllində ümumcəmiyyət yanaşmasının tətbiqi, o cümlədən miqrantların özlərinin bu prosesə cəlb olunmasının təşviq edilməsi ölkəmizin miqrasiya siyasətinin mühüm istiqamətlərindən biridir.

Yuxarıda qeyd olunan məqsədlərə töhfə verilməsi, eyni zamanda ölkəmizdə yaşayan miqrantların Azərbaycan Respublikasının miqrasiya idarəçiliyinə daha aktiv cəlb edilməsi, onların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və şəffaflığın təmin olunması, habelə miqrasiya sahəsində qəbul edilmiş qərarların əcnəbilərin gündəlik həyatına təsirinin qiymətləndirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının yaradılması həyata keçirilir.  

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının üzvlərinin müəyyənləşdirilməsi məqsədilə 2022-ci ilin 25 fevral tarixinədək namizədlərin qeydiyyatına başlanılır.

Bununla əlaqədar olaraq, uzun müddət Azərbaycan Respublikasının ərazisində yaşayan, mənsub olduğu dövlətin ölkəmizdə fəaliyyət göstərən icmaları və diaspor təşkilatları ilə sıx təmasları olan, habelə ictimai fəallığı ilə seçilən əcnəbi və vətəndaşlığı olmayan şəxsləri sözügedən Şuranın fəaliyyətində aktiv iştirak etməyə dəvət edirik.

Şuranın üzvlüyünə namizədliyini irəli sürmək niyyətində olan şəxslər tərəfindən  aşağıdakı məlumatların təqdim edilməsi vacibdir:

  1. Aidiyyəti üzrə doldurulmuş ərizə-anket forması (nümunəsini buradan əldə edə bilərsiniz)
  2. CV

Miqrant Şurasının tərkibi namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra müəyyənləşdiriləcəkdir.

Namizədlər tələb olunan məlumatları 25 fevral 2022-ci il tarixədək migrantcouncil@migration.gov.az elektron poçtu vasitəsilə təqdim etməlidirlər.

 

Qeyd: Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur