Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbir iştirakçılarını salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov yola saldığımız 2021-ci ildə miqrasiya sahəsində atılan uğurlu addımlardan, həyata keçirilən sosial layihələrdən, qanunvericiliyə edilən dəyişikliklərdən, beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edib və ümumi statistik rəqəmləri diqqətə çatdırıb.
Bildirib ki, fəaliyyətini pandemiyanın tələblərinə uyğun şəkildə quraraq DMX-də vətəndaşlara göstərilən xidmətlərin şəffaf, keyfiyyətli həyata keçirilməsi, vətəndaş məmnunluğu və rahatlığın təminatı ötən il də prioritet olaraq diqqətdə saxlanılıb, inzibati prosedurların minimuma endirilməsi, elektronlaşmanın geniş təşviqi, müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənəd qəbulunun optimallaşdırılması, icazə prosedurunun sadələşdirilməsi həyata keçirilib.
Hesabat ili ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən xidmət səviyyəsinın yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, “ASAN xidmət indeksi” üzrə 2020-2021-ci il qiymətləndirmənin nəticələrinə dair hesabata əsasən ardıcıl olaraq dördüncü dəfə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni (92.78%) Dövlət Miqrasiya Xidməti göstərilib.
Daha sonra Xidmət rəisi DMX-nın fəaliyyəti ilə bağlı statistik rəqəmləri açıqlayıb.
Bildirib ki, ötən il əcnəbilərin ölkəyə giriş sayı 791 983 nəfər olub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 % azalma deməkdir. 2021-ci ildə 2020-ci ilə müqayisədə olduğu yer üzrə qeydiyyatda 14,6 faiz, ölkədə müvəqqəti yaşamalarda 19,8 faiz, daimi yaşayanlarda 43,6 faiz, iş icazəsi alanlarda 43,2 faiz artım müşahidə olunub. Ötən il ərzində 420 şəxsin readmissiya edildiyini söyləyən Xidmət rəisi hazırda Azərbaycanda olan və yaşayan əcnəbilərin sayının 129 590 nəfər olduğunu bildirib.
Vüsal Hüseynov qeyd edib ki, ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi məqsədilə bütün elektron xidmətlər üzrə yenilənmə işləri aparılıb. Bundan başqa 2 yeni - “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi” və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” elektron xidmət yaradılıb.
Cari il DMX-nın beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nəticələrə toxunan Xidmət rəisi bildirib ki, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə əməkdaşlıq şəraitində “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)“ layihəsinin icrasına başlanılıb.
Xidmət rəisi bildirib ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya üzrə Şəbəkəsinin dəvəti ilə Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə “Çempion ölkələr” təşəbbüsünə qoşulan 1-ci ölkədir. Bu təşəbbüs BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən 2020-ci ilin sentyabr ayında təsis edilmişdir.
Vüsal Hüseynov həmçinin BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə 01 noyabr 2020-ci il tarixdən icrasına başlanılmış “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində miqrasiya ilə bağlı müxtəlif sahələr üzrə milli və beynəlxalq səviyyədə təlimlərin təşkil edildiyini də diqqətə çatdırıb. Layihə çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzi tərəfindən 10 ölkədən nümayəndələrin iştirakı ilə miqrasiyanın müxtəlif sahələrinə aid mövzularda 4 təlim təşkil olunub.
Cari il Dövlət Miqrasiya Xidməti Xidmət yanında İctimai Şura və Məşvərət Şurası ilə sıx əməkdaşlığı davam etdirib. 2021-ci ildə İctimai Şuraya növbəti seçkilərin keçirilməsi təşkil edilib və səsvermənin nəticələri əsasında növbəti iki il müddətinə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura 9 nəfərdən (əvvəlki illərdə 7 nəfərdən) ibarət tərkibdə formalaşıb.
Miqrasiya qanunvericiliyi ilə bağlı Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə ümumilikdə 29 maarifləndirmə-məlumatlandırma tədbiri, 170 səyyar xidmət təşkil edilib. 7 gün 24 saat fasiləsiz fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzinə cari il ərzində edilən zənglərin sayı 112805 olub.
Xidmət rəisi vurğulayıb ki, Dövlət Miqrasiya Xidməti ötən il də sosial layihələrin təşkilini diqqətdə saxlayıb. Şəhid və qazi ailələrinə yönəlik layihələr, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin fəaliyyəti, “Miqrasiya Məktəbi-4” layihəsi, aztəminatlı əcnəbi və qaçqın statusu əsasında yaşayan ailələrə istiqamətlənən fəaliyyət və digər sosial layihələrə toxunan Vüsal Hüseynov sadalanan tədbirlərin Xidmətin bütün sosial şəbəkə hesablarında ictimailəşdirildiyini vurğulayıb.
Sonda Vüsal Hüseynov media nümayəndələrinin suallarını cavablandırıb.