newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov xanım Vladanka Andreyevanı BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə qonağa məlumat verən Xidmət rəisi COVID-19 dövrü də daxil olmaqla miqrasiya idarəçiliyinin əsasını şəffaf və çevik prosedurlar vasitəsilə əcnəbilərin rahatlığının təmin olunmasının təşkil etdiyini vurğulayıb. Göstərilən xidmətlərin mütəmadi təkmilləşdirilməsi prinsipinin tətbiqi nəticəsində “Asan Xidmət indeksi” üzrə ardıcıl 4-cü dəfə Dövlət Miqrasiya Xidmətinin dövlət orqanları arasında ən yüksək nəticəni əldə etdiyi bildirilib. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə ölkəmizdə və regionda yeni reallıqların yarandığını qeyd edən Vüsal Hüseynov bu proseslərin miqrasiya dinamikasına da təsirsiz ötüşməyəcəyini, eləcə də mümkün əməkdaşlıqlar üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.

Xidmət rəisi Azərbaycanın Portuqaliya və Lüksemburq ilə birlikdə qabaqcıl “Çempion ölkələr” sırasında “Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Kompakt”ın icrası ilə bağlı ən yaxşı təcrübələri müzakirə etmək və bölüşmək üçün əsas hökumətlərarası qlobal platforma rolunu oynayacaq 2022-ci il Beynəlxalq Miqrasiya İcmalı Forumunda fəal iştirakda maraqlı olduğunu bildirib. Qlobal Kompaktın icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış və BMT-nin ixtisaslaşmış qurumlarını bir araya gətirən BMT-nin Miqrasiya üzrə Şəbəkəsi çərçivəsində də əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin olduğu qeyd edilib.   

Səmimi görüşə və təbrikə görə Xidmət rəisinə minnətdarlığını bildirən xanım Vladanka Andreyeva Azərbaycan Respublikası ilə BMT-nin əməkdaşlığını yüksək qiymətləndirib, əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb. Azərbaycan Respublikasında olan miqrantların Hökumətin vaksinasiya planlarına daxil edilməsinə görə təşəkkürünü bildirən BMT rəsmisi Azərbaycanın bu addım ilə bir çox ölkələrə nümunə olduğunu qeyd edib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər və mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.