Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin andiçmə mərasimi təşkil olunub
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş 325 şəxsin, həmçinin Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri olan 31 nəfərin Dövlət Miqrasiya Xidmətində (DMX) təntənəli andiçmə mərasimi keçirilib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov iştirakçılara Azərbaycan vətəndaşlığına qəbul edilmələri münasibətilə təbriklərini çatdırıb, vətəndaşlıq hüququnun əhəmiyyətindən, üstünlüklərindən bəhs edib. Bildirib ki, respublikamızın sabitlik, əmin-amanlıq, insanların firavan, sülh içində yaşamasına böyük qayğı ilə yanaşan müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə sevincini xalqımıza yaşadan ölkənin qalib vətəndaşı olmaq qürurvericidir.
Vüsal Hüseynov vətəndaşlığa qəbul edilmiş şəxslərin öz əməlləri və amalları ilə Azərbaycan dövlətinə layiqli vətəndaş olacaqlarını arzulayaraq inandığını bildirib.
Sonra vətəndaşlığa qəbul olunan 325 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq and içiblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
Tədbirdən sonra Xidmət rəisi Vüsal Hüseynovun Azərbaycan vətəndaşlığına qəbul olunmuş şəhid və qazi ailələri ilə görüşü olub.