Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının təşkilatçılığı ilə Yüksək səviyyəli vəzifəli şəxslərin ilk iclası başa çatıb.

BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandinin rəhbərliyi ilə keçirilən tədbirin məqsədi Qaçqınlar üzrə Qlobal Kompaktın qarşıya qoyduğu öhdəliklərə nail olmaq istiqamətindəki irəliləyişlərin qiymətləndirilməsi, məsuliyyəti bölüşməklə qaçqınlar və onları qəbul edən ölkələrə dəstəyin artırılması, 2019-cu il Qlobal Qaçqın Forumunda (QQF) bəyan edilən vədlərin yerinə yetirilməsi və növbəti Qaçqın Forumuna hazırlıq xüsusunda dəstəyə ehtiyac duyulan sahələrin müəyyən edilməsi olub.

Qeyd edilən tədbirdə Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Aydan Seyidova məruzə ilə çıxış edib.

A.Seyidova sığınacaq sahəsində Azərbaycan Respublikasının təcrübəsi, sığınacaq axtaran şəxslərin və qaçqınların inteqrasiyası istiqamətində Xidmət tərəfindən görülmüş işlər barədə məlumat verib.  O, daha sonra 2019-cu ildə Cenevrədə keçirilmiş Qaçqınlar üzrə Birinci Qlobal Forumda Azərbaycan hökuməti tərəfindən səsləndirilən 3 öhdəliyin tam olaraq yerinə yetirilməsini iclas iştirakçılarının diqqətinə çatdırıb.

A.Seyidova, həmçinin torpaqlarımızın 30 illik işğaldan azad edildikdən sonra qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq imkanlarının yarandığını, bu istiqamətdə dövlət tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində yekunlaşıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur