Türkiyə DİN Əyalət Baş İdarəsinin baş direktoru Hüseyin Kürşat Kırbıyıkın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olub
Türkiyə Daxili İşlər Nazirliyinin və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Türkiyədəki Nümayəndəliyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin Azərbaycana təlim səfəri reallaşıb.
“COVID-19 pandemiyası kontekstində Türkiyənin cənub-şərqində miqrantlar və ev sahibi icmaların ehtiyaclarına çoxsahəli yardım” layihəsinin sərhəd idarəetmə komponenti üzrə həyata keçirilən səfər çərçivəsində Türkiyə Daxili İşlər Nazirliyinin Əyalət Baş İdarəsinin baş direktoru Hüseyin Kürşat Kırbıyıkın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olub. Qonaqları səmimi salamlayan Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov Xidmətin fəaliyyət istiqamətləri, miqrasiya qanunvericiliyi, vətəndaş məmnunluğunun təminatı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. COVID-19 pandemiyası dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin olunması üçün DMX tərəfindən həyata keçirilən elektron xidmətlərin çeşidi və əldə olunmuş müsbət nəticələr diqqətə çatdırılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Türkiyə Daxili İşlər Nazirliyinin Əyalət Baş İdarəsinin baş direktoru Hüseyin Kürşat Kırbıyık rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərindən söhbət açıb.
Görüş çərçivəsində Dövlət Miqrasiya Xidmətində Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirildiyi, Ordumuzun qələbəsi sayəsində tarixə düşən 8 noyabr Zəfər Gününü simvolizə edən “Zəfər Guşəsi” ziyarət olunub.