Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərlə bağlı İşçi qrupun iclası keçirilib
Dövlət Miqrasiya Xidmətində Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri ilə bağlı yaradılmış İşçi qrupun növbəti iclası keçirilib. Müvafiq qurumların iştirakı ilə keçirilən iclasda Azərbaycanda qaçqınların inteqrasiyası, habelə onların əmək və sosial təminatı ilə bağlı məsələlər, bu sahədə görülən işlər və gələcək perspektivlər müzakirə olunub. Məqsəd qaçqın statusu verilmiş şəxslərin ölkəmizdə olduqları müddətdə onlar üçün yaradılmış əlverişli mühitin daha da təkmilləşdirilməsi, mövcud qanunvericilik aktlarında və beynəlxalq konvensiyalarda əksini tapan sosial-iqtisadi və insan hüquqlarının təşviqidir.
Tədbirdə ötən müddət ərzində əldə olunan nailiyyətlər, əcnəbilərin inteqrasiyası sahəsində qurumlararası koordinasiya, bu istiqamətdə beynəlxalq tərəfdaşların dəstəyi, qanunvericiliyin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər diqqətə çatdırılıb. 2019-cu ilin dekabr ayında Cenevrədə keçirilmiş Qaçqınlar üzrə I Qlobal Forumda Azərbaycan hökuməti tərəfindən səsləndirilən 3 öhdəliyin icrasının tam olaraq yerinə yetirildiyi vurğulanıb.
Sonda Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Maliyyə Nazirliyinin səlahiyyətli əlaqələndirici şəxslərinin daxil olduğu İşçi qrupun iclasında Dövlət Miqrasiya Xidməti yanında İctmai Şuranın da iştirakı ilə qarşıda duran məsələlər müzakirə olunub.