Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Şurasının 112-ci Sessiyası davam edir
Sessiyada Azərbaycan Respublikası, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri cənab Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Sessiya çərçivəsində “COVID-19-un sərhədlərə, miqrasiyaya və mobilliyə təsiri: öyrəniləcək dərslər və gələcəyə hazırlıq” mövzusunda keçirilən yüksək səviyyəli seqmentdə video formatda çıxış edən Vüsal Hüseynov tədbirin postpandemiya dönəmində miqrasiya sahəsində atıla biləcək addımların müzakirəsi üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra pandemiya dövründə dünyada və Azərbaycanda miqrasiya sahəsində atılan addımlardan danışan Xidmət rəisi ölkəmizin pandemiya zamanı miqrasiya siyasətini miqrantların maksimum rahatlığı, inzibati prosedurların mümkün qədər azaldılması və rəqəmsallaşmanın təşviq edilməsi üzərində qurduğunu bildirib.
Bu dövrdə ölkədə yaşayan miqrantlar üçün atıla biləcək addımlarla bağlı Azərbaycan hökumətinin BMqT-nin Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlığını xüsusi vurğulayan Xidmət rəisi bu əməkdaşlığın həssas vəziyyətdə olan miqrantlara kömək edərək, həmçinin onların könüllü qaydada öz ölkələrinə qayıtmalarına dəstək olaraq COVID-19-a dərhal reaksiya vermək imkanı yaradan çoxsaylı tədbirləri həyata keçirməklə aparıldığını vurğulayıb.
Xidmət rəisi ölkənin miqrasiya təcrübəsindən danışarkən 1 il öncə torpaqlarımızın işğaldan azad edildiyini vurğulayaraq bu qələbənin Azərbaycanda və bütün regionda iqtisadi inkişafa təkan verəcəyini qeyd edib. V.Hüseynov ölkəmizin cari miqrasiya siyasətində əsas diqqətin pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması ilə yanaşı, vacib infrastrukturun, nəqliyyat və kommunikasiya şəbəkələrinin bərpası ilə qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmaq hüquqlarının təmin edilməsinə yönəldiyini bildirib.
BMqT-nin baş direktoru Antonio Vitorino və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesusun açılış nitqi ilə çıxış etdiyi tədbirdə Kolumbiya və Filippin Respublikaları Prezidentlər səviyyəsində, digər ölkələr isə xarici işlər və miqrasiya məsələlərinə məsul nazirlər səviyyəsində təmsil olunub. Sessiya çərçivəsində iki ildən bir nəşr olunan və miqrasiya sahəsində əsas tədqiqat sənədi hesab edilən “Dünya Miqrasiya Hesabatı 2022”nin təqdimatı da baş tutub.