Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Əməliyyatlar və Fövqəladə Hallar üzrə direktoru ilə görüşüb
Qonağı səmimi salamlayan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BMqT ilə uğurlu və səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirib. DMX-nin fəaliyyət istiqamətləri barədə məlumat verən Vüsal Hüseynov mövcud tərəfdaşlığın gücləndirilməsi üçün əlverişli zəmin yarandığını, bu istiqamətdə razılaşdırılma mərhələsində olan müvafiq Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb. BMqT-nin COVID-19 pandemiyası ilə əlaqədar həyata keçirdiyi müvafiq layihə çərçivəsində Azərbaycanda həssas vəziyyətdə olan miqrantlara yardımın göstərilməsi istiqamətində atılan birgə addımların əhəmiyyətinə toxunub.
Əsas məqsədi miqrasiya sahəsində regional səviyyədə peşəkar bacarıqların artırılmasına xidmət etmək olan Miqrasiya üzrə Regional Təlim Mərkəzi, onun əhəmiyyəti, gələcək perspektivi barədə məlumat verən Xidmət rəisi BMqT tərəfindən bu Mərkəzin yaradılması üçün göstərilən dəstəyin önəmini nəzərə çatdırıb. Sözügedən Regional Təlim Mərkəzinin yaradılması ilə bağlı Yol Xəritəsinin hazırlanması məqsədilə ötən həftə Bakı şəhərində 13 ölkədən nümayənədələrin iştirakı ilə keçirilən regional seminarın miqrasiya sahəsində regional tərəfdaşlığın möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcəyini deyib.
BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin himayəsi ilə Miqrasiya üzrə Qlobal Kompaktın həyata keçirilməsi üçün başlanmış “Çempion ölkələr” təşəbbüsünə qoşulmağa dəvətə görə Beynəlxalq Miqrasiya Təşkilatına təşəkkürünü bildirən Vüsal Hüseynov Azərbaycanın miqrasiya idarəçiliyi ilə bağlı təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Ordumuzun əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdiyini diqqətə çatdıran Vüsal Hüseynov bunun ölkədə və regionda miqrasiya proseslərinə təsirsiz ötüşməyəcəyini, öz növbəsində BMqT və digər ixitasaslaşmış BMT təşkilatları ilə yeni əməkdaşlıq çərçivələrinin yaradılması istiqamətində əlavə tədbirləri zəruri etdiyini bildirib.
Səmimi qəbuldan məmnunluğunu ifadə edən Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş Qərargahının Əməliyyatlar və Fövqəladə Hallar üzrə direktoru Cefri Labovits məsul olduğu istiqamət üzrə BMqT-nin fəaliyyəti barədə məlumat verib, gələcək əməkdaşlıq perspektivlərindən söhbət açıb, eləcə də Miqrasiya idarəçiliyi sahəsində dəstəklərini əsirgəməyəcəklərini bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.