Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması ilə bağlı Yol Xəritəsinin hazırlanmasına dair regional seminar keçirilir
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) Yol Xəritəsinin hazırlanması üzrə birgə tövsiyələrin işlənib hazırlanmasına həsr olunmuş regional seminarın əhəmiyyətinə toxunub. Bildirib ki, Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən əhəmiyyətli layihədir. Bu mərkəzin miqrasiya məsələləri üzrə tədqiqat və tədris sahəsində bacarıqların artırılmasına töhfə verməsi, eləcə də regional səviyyədə qurumlararası əməkdaşlığın gücləndirilməsi baxımından səmərəli platforma olması nəzərdə tutulur.
Vüsal Hüseynov digər sahələrdə olduğu kimi miqrasiya sahəsinin də ildən-ilə inkişaf etdiyini vurğulayıb. Bu baxımdan tərəfdaş dövlətlərlə təcrübə mübadiləsini prioritet istiqamət kimi qiymətləndirib. Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsinin müasir təlim metodları əsasında miqrasiya sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlayan ixtisaslaşdırılmış tədris mərkəzinə çevriləcəyinə inandığını bildirib. Mərkəzin digər əsas prioritetlərinin peşəkar ekspertlər şəbəkəsinin yaradılması, eləcə də müxtəlif maraqlı tərəflər üçün xüsusi hazırlanmış təlimlərin keçirilməsi olduğunu qeyd edib. Mərkəz miqrasiyaya dair tədqiqatların aparılmasını təmin edəcək əsas bilik və innovasiya mərkəzi kimi də fəaliyyət göstərəcək.
Daha sonra Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə Rezident Əlaqələndiricisi Xanım Vladanka Andreyeva və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Vladimir Georgiyevin açılış nitqləri, həmçinin layihə çərçivəsində cəlb olunmuş beynəlxalq ekspert xanım İzabel Astorun məruzəsi dinlənilib.
Tədbirdə Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyət istiqamətləri, rəsmi internet səhifəsi ilə bağlı təqdimatlar edilib.
Regiondan olan tərəfdaş dövlətlərin miqrasiya məsələlərinə məsul qurumların nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsinə dair müxtəlif mövzularda təqdimatların və geniş müzakirələrin aparılması nəzərdə tutulub.
Regional seminara noyabrın 26-da yekun vurulacaq.