Miqrasiya üzrə Regional Təlim Mərkəzində “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim keçirilib
Miqrasiya üzrə Regional Təlim Mərkəzində Dövlət Miqrasiya Xidməti (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən “İnsan alverinə qarşı mübarizə” mövzusunda bir günlük təlim keçirilib. Təlimin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarının insan alverinə qarşı mübarizə sahəsində bacarıqlarının artırılmasına yönəlmiş təlimdə 14 nəfər dinləyici iştirak edib.
Təlimin açılış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək, insan alverinə qarşı mübarizənin transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınmasında əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb. Daha sonra çıxış edən BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq çərçivəsində təşkil olunan təlimi yüksək qiymətləndirib və bu fəaliyyətlərin davamlı olacağını qeyd edib.
Təlim Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, Dövlət Miqrasiya Xidmətinin, Beynəlxalq Miqrasiya Təşkilatının və Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi tərəfindən keçilib. İnsan alverinə qarşı mübarizə sahəsində milli və beynəlxalq çərçivə, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən hər il hazırlanan insan alverinə dair hesabatın meyarları, hesabatda Azərbaycanla bağlı məqamlar barədə ətraflı məlumat verilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.