“Miqrasiya Xidmətlərinin İdarəedilməsi üzrə Potensialın Artırılması” adlı KOİCA Təlim Proqramı çərçivəsində Bilik Mübadiləsi seminarı keçirilib
Dövlət Miqrasiya Xidmətinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xidmət əməkdaşları üçün Bilik Mübadiləsi seminarı keçirilib. Təlim KOİCA tərəfindən “Miqrasiya Xidmətlərinin İdarəedilməsi üzrə Potensialın Artırılması” adlı Təlim Proqramı çərçivəsində Koreyaya təlim səfərləri nəticəsində əldə olunmuş bilik və təcrübənin paylaşılması məqsədi daşıyıb.
Seminar zamanı adıçəkilən təlim proqramı çərçivəsində Koreyada təlimlərdə iştirak etmiş Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov Koreyada miqrasiya idarəçiliyi, bu sahədə siyasətlər və qanunverilik haqqında ətraflı məlumat verib. Bu təcrübələrin Azərbaycan Respublikasında tətbiqinə dair fikirlərini bildirib.
Təlim zamanı, həmçinin Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşəbbüsü ilə yaradılan Miqrasiya üzrə Regional Təlim Mərkəzi barədə təqdimat keçirilib.