“Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikasının üçüncü dövri məruzəsi keçirilib
Məruzə İsveçrənin Cenevrə şəhərində BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 33-cü sessiyası çərçivəsində virtual formatda reallaşıb.
Ölkəmizi Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri daxil olub.
Açılış nitqi ilə çıxış edən V.Hüseynov ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi sahəsində sözügedən Konvensiyanın və ölkəmizin tərəfdar olduğu digər beynəlxalq sənədlərin vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hökumətimizin bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da inkişafına maraqlı olduğunu qeyd edib.
Xidmət rəisi 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi altında əzəli torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb. Regionda insanların hüquqlarının təmini və rifahının yaxşılaşdırılması, həmçinin əməkdaşlığın inkişafı üçün yeni reallıqların yarandığını vurğulayıb. V.Hüseynov, həmçinin ölkəmizdə olan və yaşayan əməkçi miqrantların, onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Konvensiyada nəzərdə tutulmuş məsələlərin icrası ilə əlaqədar normativ-hüquqi bazanın və təşkilati mexanizmin inkişaf etdirilməsi sahəsində atılan addımlar barədə məlumat verib.
İki gün davam edən tədbirdə Konvensiyanın müvafiq maddələri və tövsiyələr üzrə dialoq aparılıb. Azərbaycan nümayəndə heyəti səsləndirilən sualları cavablandırıb.
Qeyd edək ki, hazırda 14 dövlətin nümayəndəsinin təmsil olunduğu BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsi yaxın tarixlərdə müvafiq dövri məruzə və konstruktiv dialoqa dair tövsiyələrini Azərbaycan hökumətinə təqdim edəcək.