Maarifləndirmə tədbirləri və səyyar xidmətlər davam etdirilir
Ağsu regional miqrasiya idarəsi tərəfindən xidməti əraziyə daxil olan Ağsu, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı, Qobustan rayonlarının təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə “Orta məktəblərdə təhsil alan əcnəbi şagirdlərin “Şagird-məzun” sisteminə daxil olunması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilən sənədlərin alınması qaydaları”, həmçinin “Pandemiya dövründə Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzularında onlayn seminar keçirilib. Əcnəbi və vətəndaşlığı olmayan şagirdlərin qeydiyyatlarının aparılması qaydası, miqrasiya qanunvericiliyi ilə bağlı ətraflı məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xaçmaz regional miqrasiya idarəsi tərəfindən isə Quba, Qusar və Xaçmazda səyyar xidmət keçirilib. Müvəqqəti olma müddətinin uzadılması və müvəqqəti yaşama icazəsi ilə əlaqədar 5 nəfərin sənədləri qəbul edilib. 1 əcnəbiyə isə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi yaşadığı ünvanda təqdim olunub.