Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”ndə növbəti gün də rəngarəng keçib
“Qaliblər düşərgəsi”nin 11-ci günündə Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkına ekskursiya təşkil olunub. Ərazini gəzən uşaqlar, müxtəlif növ ekzotik bitkilərlə tanış olub, ərazidə saxlanılan heyvanlara baxıblar. Tədris mərkəzlərinə ekskursiya zamanı şahmat oynayıblar, dərzilərin əl işləri ilə maraqlanıblar.
Düşərgədə Qaliblərə DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi, “Qaliblər düşərgəsi”nin Əməliyyat Komitəsinin rəhbəri Elnur Kələntərov “Mənim prezidentim: Ulu öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev” mövzusunda təlim keçib. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etdiyi ömür yolu və siyasi fəaliyyətindən söhbət açıb. Həmçinin vurğulayıb ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə xalqımızı 44 günlük zəfərə addım-addım yaxınlaşdırdı və ölkəmiz gücünü dünyaya nümayiş etdirdi.
Günün sonunda Qaliblər Bakı Dövlət Sirkinin milli truppasını qarşılayıblar. Zəngin proqram, janqlyor və digər sirk ustalarının çıxışı uşaqların əhvalına xoş təsir bağışlayıb. Sonda diskoteka təşkil olunub.