Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Serkan Kayalar ilə görüşüb
Qonağı səmimi salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov iki ölkə arasındakı dostluq münasibətlərinin iqtisadi, siyasi və digər sahələrə böyük fayda gətirdiyini bildirib. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsində Türkiyə tərəfindən Azərbaycanın haqlı mövqeyinə verilən dəstək iki qardaş ölkənin birliyini bir daha dünyaya nümayiş etdirdi.
İki ölkə arasında qarşılıqlı viza tələbinin aradan qaldırılmasının əhəmiyyətinə toxunan Xidmət rəisi bu rejimin tətbiqinin miqrasiya axınlarının dinamikasına və gələcək inkişafına, eləcə də iqtisadi, siyasi, mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb. Həmçinin Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi qardaşlıq münasibətlərinin bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini bildirib.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Serkan Kayalar Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Daha sonra TİKA-nın dəstəyi ilə yenidən qurulan DMX-nin Təlim Mərkəzinin açılışı olub. Qonaqlar binada yaradılan şəraitlə tanış olublar. Lazımi texniki avadanlıqlarla təchiz edilən Mərkəzin DMX əməkdaşlarının bacarıqlarının artırılmasında, sosial layihələrinin həyata keçirilməsində müstəsna rola malik olacağı, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə həyata keçirilən “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasının dəstəklənməsi” layihəsinin uğurla icrasına dəstək verəcəyi əminliklə qeyd olunub.