newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Gəncədə olublar

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamına əsasən elan olunmuş 2021-ci il “Nizami ili” çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Gəncə şəhərində şairin məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət ediblər. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə Kompleksi filialının müdiri Gülnarə İsmayılova dahi mütəfəkkirin həyat və yaradıcılığı barədə məlumat verib. Məqbərənin yaranma tarixindən, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılmış yenidənqurma işlərindən danışıb. Nizami Gəncəvi Muzeyində isə əməkdaşlar şairin zəngin irsini əks etdirən ekspozisiya və qədim əlyazmalarla tanış olublar. Miniatür rəssamlığın ən nəfis və incə nümunələrini yaradan rəssam Rasim Hüseynovun Nizami əsərlərini əks etdirən yaradıcılıq nümunələri barədə də məlumat verilib. Rəssam Dövlət Miqrasiya Xidmətinə dahi şairin 880 illik yubileyinə həsr olunmuş əl işlərini hədiyyə edib. Ekskursiya çərçivəsində Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan 5 möhtəşəm kitab-abidə də ziyarət olunub.

Gəncə səfərində Vətən müharibəsində iştirak etmiş Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə birgə Azərbaycanın ikinci böyük şəhəri Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntılara məruz qaldığı massivlərlə tanış olublar.

Xidmət əməkdaşları həmçinin Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur