newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai  ilə görüşüb.

Qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirən Vüsal Hüseynov bu dövr ərzində qəbul olunmuş miqrasiya və qaçqınlara dair hər iki Qlobal Paktın Azərbaycan Respublikası tərəfindən danışıqlar mərhələsindən etibarən dəstəkləndiyini vurğulayıb. O, Qlobal Paktların, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin miqrasiya sahəsi üzrə göstəricilərinin həyata keçirilməsi istiqamətində Dövlət Miqrasiya Xidməti və BMT-nin qurumları arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Həmçinin Xidmət rəisi BMT-nin Azərbaycanda yaradılmış Miqrasiya Şəbəkəsinin işində yaxından iştirakına görə qonağa təşəkkürünü bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai miqrasiya sahəsində BMT tərəfindən həyata keçirilən fəaliyyətlərə Azərbaycan Hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bu əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini vurğulayıb. Q.İsakzai Dövlət Miqrasiya Xidmətinin pandemiya dövründə həssas kateqoriyadan olan miqrantlara göstərilmiş diqqət və yardıma görə təşəkkürünü bildirib. Azərbaycanın tolerant ölkə kimi ən yaxşı nümunə olduğunu diqqətə çatdırıb.

Sonda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov cənab Qulam İsakzaiyə yeni təyinatında və fəaliyyətində uğurlar arzulayıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur