“Miqrasiya Məktəbi-3” layihəsində növbəti təlimlər keçirilib
Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində növbəti onlayn təlim Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Söhrab Orucov və Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin əməkdaşı Mahir Soltanov tərəfindən keçirilib.
“İnsan alverinə qarşı mübarizə” mövzusunda keçilən ilk təlimdə iştirakçılara insan alveri anlayışı, ona qarşı mübarizə yolları, bu sahədə ölkə qanunvericiliyinin tələbləri, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” və miqrantlar da daxil olmaqla, insan alveri qurbanlarının hüquqları barədə məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin əməkdaşı tərəfindən “Miqrant qaçaqçılığı və ona qarşı mübarizə” mövzusunda keçilən digər təlimdə iştirakçılar miqrant qaçaqçılığı ilə mübarizə yolları, insan alveri və miqrant qaçaqçılığı arasında fərq, bu sahədə görülən işlər və s. haqqında məlumatlandırılıblar.
Daha bir təlim İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşı, aparıcı məsləhətçi Elvin Hacıyev tərəfindən “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları” mövzusunda və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin əməkdaşı Emin Rüstəmov tərəfindən “Dünyada Azərbaycan diasporu” mövzusunda təşkil olunub.
İştirakçılara İnsan Hüquqları üzrə Müvəkkilin mandatı, insan hüquqlarının, xüsusilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması sahəsində çoxşaxəli fəaliyyəti, Müvəkkilin İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin (MPM) və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində nəzarətin həyata keçirilməsi üzrə səlahiyyətləri barədə ətraflı məlumat verilib.
Digər təlimdə isə “Dünyada Azərbaycan diasporu” mövzusunda xarici ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin inkişaf etdirilməsi, soydaşlarımızın milli özünəməxsusluğunun qorunub-saxlanılması, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması və diasporlararası əlaqələrin genişləndirilməsi istiqamətində Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər barədə məlumat verilib.
Təlimlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.