newsPhoto

Dövlət Miqrasiya Xidməti ilə işəgötürənlər arasında onlayn görüş keçirilib

Dövlət Miqrasiya Xidməti ilə müəssisə rəhbərləri, yerli və xarici fərdi sahibkarlar və onların nümayəndələri arasında videokonfrans formatında növbəti görüş keçirilib. Məqsəd işəgötürənlərlə müxtəlif prosedurların sadələşdirilməsi, vətəndaş məmnunluğunun təmini, elektron xidmətlərlə bağlı yeniliklərə dair məlumatlandırma olub. Tədbirdə çıxış edən DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev müzakirə olunacaq məsələlər barədə ilkin ümumi məlumatı diqqətə çatdırıb.

Görüşdə Covid-19 pandemiyası dövründə iş icazələri ilə bağlı sənədlərin qəbulu prosesində tətbiq edilən güzəştlər, istifadəçilərin rahatlığının təmini məqsədilə Xidmətin rəsmi internet saytında  (www.migration.gov.az) yerləşdirilmiş kvota sərfiyyatına dair interaktiv hesabat, verilmiş iş icazələrinin sayı və s. barədə ətraflı məlumat verilib. İşəgötürənlərin sənədləşmə proseslərində daha diqqətli və operativ olmaları, yarana biləcək çətinliklərlə bağlı aidiyyəti üzrə müraciət etmələri, həmçinin fasiləsiz fəaliyyət göstərən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmaları tövsiyə edilib.

Sonda mövzular üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur