newsPhoto

Miqrasiya üzrə Regional Təlim Mərkəzində ilk onlayn təlim keçirilir

25 may 2021-ci il tarixdə Miqrasiya üzrə Regional Təlim Mərkəzində (Mərkəz) Azərbaycanın qonşu dövlətlərinin, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrinin aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Miqrasiya sahəsində əsas konsepsiyalar və tendensiyalar” mövzusunda ilk onlayn təlimə başlanılıb. Dövlət Miqrasiya Xidməti tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi ilə birgə həyata keçirilən və BMqT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən 3 günlük təlimdə 10 ölkənin miqrasiya sahəsində məsul qurumlarının əməkdaşları iştirak edir.

Təlimin açılış mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasının əsas məqsədinin müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan ekspertləri cəlb etməklə miqrasiya sahəsində təlim və təhsil prosesinə, eləcə də sahə üzrə mütəxəssislərin hazırlanması işinin təkmilləşdirilməsinə töhfə verilməsi olduğunu qeyd edib.

Bildirib ki, Azərbaycanın yerləşdiyi və miqrasiya baxımından əlaqələrin sıx olduğu regionları əhatə edəcək Mərkəzin miqrasiya sahəsində müasir dövrün tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislərin hazırlandığı təlim müəssisəsi olması planlaşdırılıb. Təlimlərin miqrasiya sahəsində təcrübəli beynəlxalq ve yerli ekspertlər tərəfindən keçirələcəyini qeyd edən Xidmət rəisi tədbir iştirakçılarına uğurlar arzulayıb.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev Regional Təlim Mərkəzinin yaradılmasının mühüm addım olduğunu qeyd edib, aidiyyəti ölkələrin miqrasiya sahəsində məsul qurumlarının əməkdaşlarının potensiallarının gücləndirilməsinə, habelə ölkələr arasında mövcud olan əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirib.

Açılış mərasimində iştirak edən BMqT-nin Cenevrə ofisinin Miqrasiya Tədqiqatları Bölməsinin rəhbəri Marie McAuliffe dəvət üçün təşəkkürünü bildirərək Mərkəzin yaradılmasına dair təşəbbüsü yüksək qiymətləndirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Açılış mərasimindən sonra ilk gün üçün nəzərdə tutulmuş təlimlərə start verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur