newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 5-ci beynəlxalq “Caspian Businnes Award” mükafatına layiq görülüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Caspian Energy Club” tərəfindən 1500 şirkət arasında keçirilən sorğunun nəticələrinə əsasən Biznes-hökumət dialoqunun inkişafına verdiyi xüsusi töhfəyə görə 5-ci beynəlxalq “Caspian Businnes Award” mükafatına layiq görülüb. Mükafatı “Caspian Energy Club”un sədri, baş icraçı direktor Telman Əliyev təqdim edərək təbriklərini çatdırıb.

“Caspian Business Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionlarında iqtisadiyyatın inkişafına verilən töhfələrə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur.

“Caspian Energy Club”un fəaliyyətini yüksək qiymətləndirən Vüsal Hüseynov böyük intellektual potensiala malik olan təşkilatın biznes dialoquna xüsusi töhfə verdiyini vurğulayıb, rəhbərliyinə və üzvlərinə təşəkkürünü bildirib.

Prezident İlham Əliyevin sahibkarlığın inkişafını daim diqqətdə saxladığını bildirən Vüsal Hüseynov biznes dialoqun gücləndirilməsinin istər özəl şirkətlər, istərsə də dövlət qurumları üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu, sahibkarları narahat edən problemlərin həlli istiqamətində məlumatlı olmağa xidmət edir.

Təşkilat tərəfindən irəli sürülən təkliflərin Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırıldığı və Xidmətin gələcək fəaliyyətinə də töhfə verdiyini söyləyən Vüsal Hüseynov pandemiya dövründə çoxsaylı çağırışlara uyğun olaraq, lazımi qərarların verilməsi üçün qarşılıqlı əlaqələrin vacibliyini də qeyd edib.

Xidmət rəisi işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri çərçivəsində sıx əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Sonda xatirə şəkli çəkilib.