Dövlət Miqrasiya Xidmətinin rəis müavini məişət zorakılığı və uşaq hüquqları mövzusunda keçirilən videokonfransda iştirak edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasından irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş videokonfrans formatında tədbir keçirib.
Dövlət orqanları və digər qurumların nümayəndələrinin qatıldığı tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev, Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Aydan Seyidova və idarənin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Əfsanə Hüseynova iştirak ediblər.
Tədbirdə Dövlət Komitəsinin sədri Bahar Muradova, Baş Nazirin müavini Əli Əhmədov, Ombudsman Səbinə Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hikmət Abdullayev, Təhsil Nazirinin müavini Firudun Qurbanov çıxış edərək adıçəkilən sənədlərin qəbuluna görə ölkə Prezidentinə təşəkkürlərini bildirib, respublikamızda qadın və uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Fəaliyyət Planlarının bütün bəndlərinin icra olunması istiqamətində aidiyyəti qurumların səmərəli əməkdaşlığının bu işin görülməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.
Sonra qeyd edilən sənədlərdən irəli gələn məsələlər və qarşıda duran vəzifələr müzakirə edilib.