Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Vyana Miqrasiya Konfransında iştirak edir
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən 16-19 noyabr 2020-ci il tarixlərində virtual qaydada keçirilən Vyana Miqrasiya Konfransında iştirak edir. Konfransın cari ildə keçirilən görüşü “Şengen, sığınacaq islahatı və Avropanın miqrasiya diplomatiyası: COVID-19 hər şeyi dəyişdimi?” mövzusuna həsr olunub.
Tədbir çərçivəsində “Əmək miqrasiyasının hamı üçün faydalı olmasının təmin edilməsi - Şərq Tərəfdaşlığından Perspektivlər” mövzusunda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun iştirakı ilə sessiya keçirilib. Müzakirələrə MSİBM-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional portfel meneceri xanım Violeta Vaqner və Moldova Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri xanım Daniela Morari də qoşulub.
Əmək miqrasiyasından faydalanma imkanları barədə məlumat verən Vüsal Hüseynov əmək miqrasiyasının səmərəli idarə olunması ilə üçtərəfli fayda əldə etməyin mümkünlüyünü vurğulayıb. Bildirib ki, əmək miqrasiyası üçün qanuni kanalların yaradılması və asanlaşdırılması mənşə ölkələri və miqrantlarla yanaşı, təyinat ölkələri üçün də faydalıdır.
Avropa İttifaqı ilə miqrasiya sahəsində əməkdaşlığa toxunan Vüsal Hüseynov qeyd edib ki, Azərbaycan və Aİ Üzv Dövlətləri arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlığa dair Birgə Bəyannamə iki tərəf arasında miqrasiya sahəsində əməkdaşlığın ən mühüm sahələrini əhatə edən əsas sənədlərdəndir. Vüsal Hüseynov Birgə Bəyannamənin həyata keçirilməsində MSİBM tərəfindən görülmüş işləri də yüksək qiymətləndirib.