newsPhoto

Dövlət Miqrasiya Xidməti ilə ölkəmizdəki işəgötürənlər arasında onlayn görüş keçirilib

Dövlət Miqrasiya Xidməti (DMX) işəgötürənlərin məlumatlandırılması ilə bağlı videokonfrans formatında tədbir keçirib.

Müəssisə rəhbərlərinin, yerli və xarici fərdi sahibkarların və onların nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev iştirakçılara Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli, 124 nömrəli qərarı ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”, kvota proqnozlarının verilməsinin zərurəti, proqnoz-məlumat formasının düzgün doldurulması və əməkçi miqrantlara olan tələblər barədə geniş məlumat verib.

Bildirib ki, əcnəbi işçi qüvvəsini işə cəlb etmək niyyətində olan işəgötürənlər növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə xarici işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat formasını tam dolduruaraq imza və möhürlə təsdiqlədikdən sonra Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidirlər. Baş idarə rəisi həmin anket formasının Xidmətin rəsmi internet saytında  (www.migration.gov.az) yerləşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, məşğulluq təsnifatı üzrə peşələrin kodları haqqında məlumatları Dövlət Miqrasiya Xidmətinin internet səhifəsindən və ya https://www.azstat.org/tesnifat/ linkinə keçid edərək öyrənmək mümkündür.

İ.Abdullayev iş icazəsinin alınmasında (uzadılmasında) işəgötürənlərin qarşısına qoyulan öhdəlikləri diqqətə çatdırıb. Pandemiya dövründə DMX tərəfindən olunan güzəştlər haqqında məlumat verib.

Sonra yeni yaradılmış elektron müraciət formasının təqdimatı olub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur