newsPhoto

Pandemiyanın miqrasiya proseslərinə təsiri müzakirə edilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Əcnəbilərin İnteqrasiyası üzrə İşçi qrupuna daxil olan “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Pandemiyanın miqrasiya proseslərinə təsiri” mövzusunda ictimai müzakirə keçirilib. Onlayn tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov əvvəlcə cəbhədə yaşanan son hadisələr barədə məlumat verib. Azərbaycan Ordusu tərəfindən bütün istiqamətlərdə aparılan əks-hücum əməliyyatlarından söhbət açıb. Bildirib ki, Azərbaycanın qətiyyətli mövqeyindən qorxuya düşən düşmən hərb meydanında uduzduğunu anlayaraq mülki şəxsləri artilleriya atəşinə tutur. Nəticədə aralarında azyaşlıların da olduğu 90-dan artıq insan həlak olub, yüzlərlə şəxs yaralanıb. BMT-nin qərarlarını heçə sayan bu ölkə öz təxribatçı, cinayət tərkibli əməllərini davam etdirir. Şura sədri daim sülh və əmin-amanlığın tərəfdarı olan Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırmağın vacibliyinə də diqqət çəkib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “Pandemiya şəraitində ölkə ərazisində qalan əcnəbilərə hüquqi yardımların göstərilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə COVİD-19 pandemiyasının miqrasiya proseslərinə təsirindən də söhbət açılıb. Bildirilib ki, sərhədlərin bağlanması, səyahət və ölkələrarası hərəkət məhdudiyyətlərinin tətbiqi əcnəbilərin yerli cəmiyyətə inteqrasiya məsələsini gündəmə gətirib.

Pandemiyadan əziyyət çəkən və bu səbəbdən ölkə ərazisində məcburiyyətdən qalan şəxslərin problemlərinin bir qismi məhz hüquqi müstəvidə büruzə verən məsələlərdən qaynaqlanır. Bu fikirləri səsləndirən “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təsisçisi və layihə rəhbəri Kəmalə Məmmədova bu baxımdan əcnəbilərə operativ hüquqi yardımların göstərilməsinin vacibliyinə toxunub.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini Kəyan Hacıyev Xidmətin pandemiya şəraitində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib. Effektivlik baxımından İşçi qrupunun yaradılması, elektron xidmətlər, sadələşdirilmiş qaydalar, maarifləndirmə işinin təşkili, aztəminatlı miqrant ailələrə sosial yardımların göstərilməsindən danışıb.

Tədbir müzakirələrlə davam etdirilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur