Azərbaycan Respublikasında olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 oktyabr 2020-ci il tarixli 386 nömrəli Qərarı ilə 2020-ci il 14 oktyabr saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.
Bununla əlaqədar olaraq ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:
- Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbuluna dair
- Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri - Qəbələ və Balakən “ASAN xidmət” mərkəzlərində;
- Füzuli, Beyləqan, İmişli, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə miqrasiya məsələləri ilə bağlı müraciətləri - Şirvan regional miqrasiya idarəsi və İmişli “ASAN xidmət” mərkəzində qəbul ediləcək.
- Giriş-çıxışı məhdudlaşdırılmış yerlərdə yaşayan əcnəbilər miqrasiya məsələləri ilə bağlı elektron xidmətlərdən istifadə edə bilərlər (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az)
- Təqdim olunan sənədlərə dair
- Şəki (Şəki şəhəri istisna olmaqla), Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonları, o cümlədən Sabirabad şəhəri və həmin rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir).