Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin diqqətinə!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 avqust 2020-ci il tarixli 278 nömrəli Qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb. Xüsusi rejim Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərini, həmçinin Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl və Salyan rayonlarını əhatə edir.
Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı-https://migration.gov.az/press/news_content/14090).
Yeni qərara uyğun olaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etməsi üçün SMS icazə ləğv olunur.
Hərəkət məhdudiyyətinin aradan qaldırılmasını nəzərə alaraq, müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlərin (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməsi zəruridir.
Karantin müddətində Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzi həftə sonları (8 və 9, 15 və 16, 22 və 23, 29 və 30 avqust 2020-ci il tarixlərdə) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə miqrasiya ilə bağlı müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MİGAZ mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.
Bir daha xatırladaq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 30-90 gün) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.