newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi “Miqrasiya Məktəbi 2” layihəsinin məzunları ilə videokonfrans keçirib

Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi 2” layihəsinə yekun vurulub. Təlimlər DMX-nin aidiyyəti struktur bölmələri ilə yanaşı, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşları, eləcə də beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər tərəfindən keçirilib. 6 ay ərzində təlimçilər 16 iştirakçıya “Beynəlxalq miqrasiya hüququ”, “Miqrasiya statistikası: məlumat mənbələri və istifadə qaydaları”, “Azərbaycanın viza siyasəti” və digər mövzuları tədris ediblər. Gənclər, Bakı regional miqrasiya idarəsinin Qəbul şöbəsi, 919 Çağrı mərkəzi və digər struktur bölmələrin fəaliyyəti ilə yaxından tanış olublar.

Layihənin yekununda iştirakçılarla videokonfrans keçirən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov gəncləri təbrik edərək “Miqrasiya Məktəbi 2”nin əhəmiyyətini vurğulayıb. Sosial, iqtisadi, humanitar, hüquqi məsələləri özündə birləşdirən miqrasiya proseslərinin vacibliyini qeyd edib. Vüsal Hüseynov bu sahədə mütəxəssislərin hazırlanmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, sözügedən tədris proqramı məhz bu istiqamətdə atılan mühüm addımdır. “Miqrasiya Məktəbi 2”nin iştirakçıları isə layihə haqqında təəssüratlarını bölüşüblər. Sonda Xidmət rəisi iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, ölkəmizdə COVİD-19 virusu ilə mübarizə çərçivəsində tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınmaqla, pandemiya dövründə “Miqrasiya Məktəbi 2” layihəsinin son dərsləri onlayn formatda davam etdirilib.

Dövlət Miqrasiya Xidməti layihədə iştirak edən yerli və beynəlxalq təşkilatların nümayəndələrinə, beynəlxalq tərəfdaşlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur