newsPhoto

Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyul 2020-ci il tarixli 236 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddəti 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Xüsusi rejim Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərləri və Abşeron rayonu ilə yanaşı, Goranboy, Göygöl, Mingəçevir şəhərləri, eləcə də Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki rayonlarını da əhatə edir.

Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, eləcə də olduğu yeri və ya yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilərin icazəsi hazırda tətbiq edilmiş qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı-https://migration.gov.az/press/news_content/14090).

Bu tarixlərdə Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzi də həftəsonları (4 və 5,  11 və 12,  18 və 19 iyul 2020-ci il tarixlərdə) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, miqrasiya ilə bağlı müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MİGAZ mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

Həmçinin, qeyd etmək istərdik ki, Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsindən imtina edilmiş, belə icazəsi ləğv edilmiş əcnəbilərin  ölkəni tərk etmələri üçün həmin qərarda göstərilən müddətdən asılı olaraq, avtomatlaşdırılmış qaydada onların müddətləri 30 və 60 gün uzadılır. Belə şəxslər eyni zamanda, onlara verilən müddətdə müvəqqəti və daimi yaşamaq üçün icazə ilə bağlı sənədlərini yenidən təqdim edə bilərlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur