Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti 60 gün uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəzərinə!
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı ölkəni tərk edə bilməyən və ya tərk etmək istəməyən əcnəbilərin müvəqqəti olma müddətinin uzadılması barədə müraciətləri hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və müvafiq dövlət rüsumu ödənilməklə təmin olunur.
Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin 31 may 2020-ci il tarixinədək uzadılmasını, miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla biləcəyini və əcnəbilərin ölkəni tərk etmə imkanlarının məhdud olduğunu nəzərə alaraq, müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) 60 gün uzadılmış əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.
Eyni zamanda, bildirilir ki, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Əlavə məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.